Bu məqalə ilk dəfə Bakı Araşdırmalar İnstitunun saytında dərc olunmuşdur.
Azərbaycan 2024-cü ilin noyabr ayında COP29-a ev sahibliyi etməyə hazırlaşdığından, ölkə ekoloji siyasətlə əlaqədar getdikcə daha çox tənqidlə üzləşir. Azərbaycan hazırda ekoloji göstəricilər üzrə reytinqdə 180 ölkə arasında 121-ci yerdədir (YCELP 2024). Beynəlxalq təşkilatlar Azərbaycanın ekoloji siyasətində və onun iqlim dəyişikliyi ilə bağlı qarşıda duran problemlərin həlli üçün apardığı hazırlıqlarda əhəmiyyətli boşluqlar olduğunu qeyd ediblər (UNECE, 2011).
Ekoloji göstəricilərin təkmilləşdirilməsi strategiyalarından biri ətraf mühitə meyilli davranışı (ƏMMD) təşviq etməkdir. Məsələn, ekoloji təhsil son illər müxtəlif təşəbbüslər vasitəsi ilə məktəbəqədər təhsildən ali təhsil pilləsinə qədər olan səviyyələrin milli kurrikulumlarına inteqrasiya edilmişdir (UNECE 2011). Bundan əlavə, hökumət və əlaqəli QHT-lər, fondlar mütəmadi olaraq ictimai yerlərdə zibillənmənin, su israfının azaldılması və dayanıqlı hərəkətliliyin təşviqinə yönəlmiş kampaniyalar həyata keçirirlər. Buna canlı nümunə olaraq, son dövrdə başladılmış Bir damcı ictimai informasiya kampaniyasını göstərmək olar. Bu kampaniya vətəndaşları suya qənaət etməyə təşviq etmək məqsədi daşıyır (Birdamcı 2024a; 2024b). Kampaniya 2023-cü ildə başlayıb və ictimai yerlərdə, sosial platformalarda yerləşdirilən məlumat xarakterli plakatlar, reklam lövhələri və video çarxlar vasitəsilə Bakı və ətraf rayonlarda yaşayan əhalini hədəf alıb. (Bakı Su Həftəsi 2024; bax: Əlavəyə). Kampaniyanın təşkilatçıları indi onu Azərbaycanın digər bölgələrində də həyata keçirməyi planlaşdırırlar.
Bu cür kampaniyalara həqiqətən də çox ehtiyac var. Məsələn, Bakıda adambaşına düşən orta su istifadəsinin gündə 400 litr olduğu təxmin edilir. Bura paylayıcı sistemlərdə böyük miqdarda itirilən su həcmi da daxildir və bununla da real sərfiyyat gündə təqribən 170 litr (l / gün / adam) kimi qiymətləndirilir (Scandizzo and Abbasov 2022, 194). Buna baxmayaraq, hətta təxmin edilən real sərfiyyat, insan sağlamlığı üçün zəruri hesab edilən 50 litrlik (l / gün / adam) minimum normadan xeyli yuxarıdır (Gaddis et al., 2019). Burada belə bir sual yaranır ki, niyə Azərbaycanda indiyədək aparılan ictimai məlumatlandırma kampaniyaları əhalinin davranışında böyük dəyişiklik yaratmayıb?
Ümumi inanc budur ki, insanların ətraf mühitə meyilli davranış (ƏMMD) nümayiş etdirməməsinin əsas səbəbi bilik çatışmazlığı, yaxud savadsızlıqdır. Bu baxışa görə, insanlar öz hərəkətlərinin mənfi nəticələri və buna alternativlərin faydaları barədə məlumatlandırıldıqdan sonra davranışlarını dəyişəcəklər. Bu baxış bütün dünyada bir çox ictimai maarifləndirmə təşəbbüslərinə və məlumatlandırma kampaniyalarının başlanmasına təkan vermişdir. Ancaq bunun əksini göstərən kifayət qədər sübutlar var (Owens and Driffill 2008; Sleenhof et al. 2015). Məsələn, ət istehlakının azaldılmasının ətraf mühitə və sağlamlığa faydaları və ya siqaret çəkməyin təhlükələri haqqında artan məlumatlılığa baxmayaraq, bir çox insan bu davranışları davam etdirir. Bu nümunələr göstərir ki, tək bilik davranışda dəyişikliklərə səbəb olmur. Alternativ yanaşmalardan biri Planlı Davranış Nəzəriyyəsidir. Bu nəzəriyyə davranış niyyətlərinin üç əsas amillə formalaşdığını göstərir: davranışa münasibət, davranışın yerinə yetirilməsinin asan olması və sosial normalar (Aijzen, 2011; 1991). Bu nəzəriyyəyə görə, effektiv ƏMMD strategiyaları fərdlərin ətraf mühitə qarşı davranışı vacib, asan və nisbətən ucuz və sosial cəhətdən məqbul hesab etdikləri zaman ətraf mühitə daha çox meyilli davranışlar nümayiş etdirmələrinə əsaslanır.
Bu məqalə 2015-ci ilin payızında Bakıda yerləşən ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr ixtisası üzrə təhsil alan 230 tələbənin iştirak etdiyi ilk sorğuya əsaslanır. Natamam və səhv cavablar çıxarıldıqdan sonra araşdırmada 214 tələbənin təqdim etdiyi məlumatlardan istifadə edilmişdir. Bakı sakinlərinin üzləşdiyi dörd əsas ekoloji problemlə – ictimai nəqliyyatdan istifadə, su və elektrik enerjisinə qənaət və ictimai yerlərdə ətrafa zibil atılması ilə bağlı konsepsiyaları qiymətləndirmək üçün müstəqil şəkildə doldurulan anketdən istifadə edilib. Anketdə həmçinin iştirakçıların davranışlarına hansı amillərin təsir göstərə biləcəyini anlamaq üçün Planlı Davranış Nəzəriyyəsinin üç tezisi də sınaqdan keçirilib.
Bu araşdırmadan üç əsas nəticə alınır. Birincisi, ətraf mühit haqqında məlumatlılıq və bilik səviyyələrinə dair ictimaiyyətdə çoxsaylı mənfi qiymətləndirmələrə rəğmən, bu araşdırma sorğuda iştirak edən respondentlərin yüksək ekoloji məlumatlılıq, bilik və narahatlıq səviyyəsinə malik olduğunu göstərir. İkincisi, bu araşdırma iştirakçıların aşağıda müzakirə olunan dörd mövzu (zibil, nəqliyyat, su və elektrik) ətrafında sosial normalara yüksək səviyyədə reaksiya verdiyini nümayiş etdirir. Son olaraq, araşdırma göstərir ki, respondentlər hesab edirlər ki, ətrafı zibilləməmək , su və elektrik enerjisinə qənaət etmək onlar üçün nisbətən asandır. Ancaq bu, ictimai nəqliyyatdan istifadə məsələsində belə deyil.
Azərbaycanda gənclərin ətraf mühitə münasibəti
214 respondentdən 117-si (54,7%) qadın, 97-si (45,3%) kişi olmaqla, bütün iştirakçılar 18-20 yaşlarında olduğundan iştirakçıların ortalama yaşı 19,15 -dir. İştirakçıların ailə üzvlərinin ortalama sayı 4 nəfərdir. Buna baxmayaraq, bu misal bütün Azərbaycan üzrə ümumiləşdirməyə bir sıra ciddi məhdudiyyətlər qoyur. Birincisi, ADA Universiteti tələbələrin əksəriyyətinin Azərbaycan üçün nisbətən yüksək təhsil haqqı ödədiyi ingilis dilli təhsil müəssisəsidir. İştirakçıların ailə təsərrüfatlarının orta aylıq gəliri (1001-2000 AZN; 2015-ci ilin məzənnəsi ilə 950-1900 ABŞ dolları ekvivalenti) Azərbaycandakı ailələrin əksəriyyətinin qazancından yüksəkdir. İkincisi, bu misal Bakıdakı 18-20 yaşlı gəncləri əhatə edir və buna görə də bütün ölkədəki gənclər üçün ümumiləşdirilə bilməz. Bundan əlavə, məlumatlar 2015-ci ilə aiddir. Davranış tədqiqatlarının 5-10 il əvvəlki məlumatlar üzərindən təhlil edilməsi qeyri-adi hal deyil, lakin bu, yenə də məhdudiyyətdir və bu tədqiqatın nəticələri siyasət üçün nəzərdə tutulduqda onlar gözdən keçirilməlidir. Bu məhdudiyyətlərlə mübarizə aparmağın bir yolu bu tədqiqatın nəticələrini 5-ci bölmədə apardığım Azərbaycan gənclərinin ətraf mühitə münasibəti ilə bağlı daha yeni və daha reprezentativ tədqiqatlarla müqayisə etməkdir. Bu tədqiqatın nəticələri müəyyən şübhələrlə qəbul edilməli olsa da, bu nəticələr Azərbaycanda daha təsirli kommunikasiya kampaniyalarının hazırlanmasında hələ də faydalı ola bilər.
Anket ADA Universitetində tədris dili olan ingilis dilində yazılmışdır və ona ekoloji məsələlərə münasibətlə bağlı on altı sual, eləcə də siyasətlərin həyata keçirilməsinə hansı tərəflərin cavabdeh olduğuna dair bir sual daxil edilmişdir. Şəkil 1-də iştirakçıların münasibətini əks etdirən hər bir mövqe üçün orta xallar göstərilir, ballar yenidən elə kodlaşdırılmışdır ki, 1 tamamilə razıyam, 5 isə qətiyyən razı deyiləm mənasını verir. Bu xallar X oxunda qurulur. 3-dən aşağı ballar daha güclü razılığı (yaşıl), 3-dən yuxarı olanlar isə daha güclü fikir ayrılığını (mavi) göstərir. 3-ə yaxın ballar neytral mövqe nümayiş etdirir, nə razıdır, nə də razı deyil